“Reuters” agentliyinin iki jurnalisti Myanmar həbsxanasından azad edilib.
ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, jurnalistlər sözügedən ölkənin dövlət sirri haqqında qanununu pozduqları iddiası ilə 7 il həbs cəzasına məhkum edilmişdi.
Ağ ev administrasiyasının bununla bağlı yaydığı bəyanatda vurğulanır ki, 2017-ci il dekabr ayında həbs edilən jurnalistlərin 500 gün keçəndən sonra ailələrinə qovuşması məmnunluq doğurur.
Bəyanatda, həmçinin, Myanmarda həbs olunan digər mətbuat nümayəndələrinin də azadlığa çıxacaqlarına ümid edildiyi vurğulanıb.
“Reuters”in yaydığı xəbərdə isə qeyd olunub ki, agentliyin sözügedən iki əməkdaşını - Vah Lon və Kyau Su Oonu Myanmar prezidenti əfv edib.
Qeyd edək ki, jurnalistlərin həbsinə Myanmarda müsəlman əhalinin dözülməz vəziyyəti və ölkədə baş verən məlum hadisələrlə bağlı hazırladıqları geniş hesabat səbəb olmuşdu. Onlar 2017-ci ilin 13 dekabrında Arakan vilayətindəki bir ərazisinin xəritəsi və hərbi hesabatlarla tutulmuşdular.