Türkiyə Suriya müxalifətindən təşkil olunmuş 8 mindən çox döyüşçünü səfərbər edib və Faiz Saracın rəhbərlik etdiyi Milli Razılıq Hökumətinin tərəfində döyüşən silahlı polis qüvvələrinə dəstək vermələri üçün onları Liviyaya göndərəcək.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının “Al Hadath” telekanalı Suriya müxalifətindəki mənbələrə istinadən məlumat yayıb. Məlumata görə, 120 hərbçidən ibarət ilk qrup bu həftə ərzində Liviya ərazisinə göndərilib.
Dəstələrə qəbul edilənlərin qeydə alınması üçün Türkiyənin və onunla müttəfiq silahlı qruplaşmaların nəzarətində olan Afrin şəhərində, həmçinin Ər-Rai və Axtarin bölgəsində dörd mərkəz yaradılıb. Telekanal bildirir ki, döyüşçülərin toplanması ilə Suriyada yaşayan etnik türkmənlərdən ibarət “Sultan Murad” briqadası məşğuldur.