Şimali Koreya lideri Kim Çen Inın ögey qardaşı Kim Çen Namın ölümündə təqsirli bilinən şəxslərdən biri, Vyetnam vətəndaşı Doan Txi Xıonq Malayziya məhkəməsi tərəfindən sərbəst buraxılıb.
ONA-nın verdiyi xəbərə görə, bu barədə “Reuters” məhkəmə nümayəndəsinə istinadən məlumat yayıb.
30 yaşlı Doan Txi Xıonq İndoneziya vətəndaşı 26 yaşlı Siti Aysia ilə birgə Kim Çen Namı qadağan olunmuş sinir iflicedici zəhərli “VX” maddəsi ilə öldürməkdə ittiham olunurdu. Ancaq sonradan cinayət işi qəsdən zərər vurma maddəsi ilə əvəz edilib. Ötən ay Xıonq başqa bir maddə üzrə qanun pozuntusunda öz günahını etiraf etdikdən sonra məhkəmə ona qarşı irəli sürülmüş qəsdən adam öldürmə ilə bağlı ittihamı ləğv edib. İndoneziyalı qadın Siti Aysia da mart ayında məhkəmə zalındaca sərbəst buraxılıb.
Doan Txi Xıonqun vəkilinin sözlərinə görə, o, mayın 3-də Malayziyanı tərk edəcək.