Böyük Britaniyada baş nazir Tereza Meyin kabinetində bir neçə nazir istefa verə bilər.
ONA-nın “The Sunday Times” nəşrinə istinadən verdiyi məlumata görə, buna səbəb ölkənin Avropa İttifaqından (Aİ) çıxması şərtləri fonunda yaranmış fikir ayrılığıdır.
Qəzet yazır ki, hökumətdə Böyük Britaniyanın Aİ-dən çıxmasını dəstəkləyən bir neçə nazir T. Meyin ölkənin Aİ ilə vahid gömrük ittifaqında qalmasını, yaxud may ayında Avropa Parlamentinə keçiriləcək seçkilərdə iştirakı dəstəkləyəcəyi halda istefa verəcək. Eyni zamanda ölkənin Aİ-də qalmasına tərəfdar olan ən azı 6 nazir T. Mey qarşılıqlı razılaşma əldə edilmədən Böyük Britaniyanın Aİ-dən çıxması variantını dəstəkləyəcəyi halda istefa qərarı qəbul edəcəklər.
Bu nazirlər öz niyyətlərini bu gün T. Meyin təşkil edəcəyi məsləhətləşmələrdə açıqlayacaqlar.
Qeyd edək ki, bundan əvvəl “The Daily Telegraph” baş nazirin ölkənin Aİ-dən çıxması ilə əlaqədar razılaşmanı gələn həftə dördüncü dəfə parlamentdə səsverməyə çıxarmaq niyyətində olduğunu yazıb. Nümayəndələr Palatası dördüncü dəfə də razılaşmanı qəbul etməzsə, T. Mey növbədənkənar parlament seçkilərinin keçirilməsi təşəbbüsü ilə çıxış edə bilər. Lakin hakim Mühafizəkarlar Partiyasının deputatları növbədənkənar seçkilərin keçirilməsinə dair baş nazirin təşəbbüsünü dəstəkləməyə bilər.