• DÜNYA

    14:40 18 aprel 2020

Koronavirusun kimsəsiz qoyduğu London küçələrindən səssiz REPORTAJ - FOTOSESSİYA

“Üzünü qızılı rəngdə boyamış bir qadın heykəl kimi dəqiqələrcə tərpənmədən duraraq gələn-gedən və bu mənzərəni ilk dəfə görən insanları heyrətləndirir.

Daha sonra insanlar yaxınlaşdıqca onlara gülümsəyir, əli ilə yerdəki papağına pul atmalarını istəyir. Digər tərəfdə isə, iyirmi yaşlarında gənc bir oğlan əlindəki gitaranın müşayiəti ilə, ətrafına düzülüb onu məst olmuşcasına dinləyən auditoriya üçün oxuyur. ”Eros” heykəlinin altındakı pilləkənlərdə oturub dincələnlər isə ya küçədən aldıqları yeməkləri yeyir, ya Londonun simvollarından biri sayılan bu abidə önündə şəkil çəkdirir, ya da qəribə bir təlaşla ora-bura gedən insan axınına tamaşa edirlər…”

Əgər çox yox, iki-üç ay öncə Londonun ən çox turist cəlb edən küçələrindən olan “Piccadily Circus”u təsvir etməmi istəsəydiniz, Sizə bunları danışardım. Ancaq hazırda insanlar evlərinə çəkilib, koronavirusun vurduğu London küçələri kimsəsiz qalıb. Heykəlin altında heç kəs oturmur, ətrafda görünən bir neçə insan isə ya marketdən gəlir, ya da öz iş dalınca sürətli addımlarla yeriyirlər.

Buradan çıxıb beş dəqiqə məsafədəki “Leicester” Meydanına gedirəm. Əllərindəki ərzaq paketlərindən marketdən çıxdıqlarını zənn etdiyim bir neçə insan gözümə dəyir. Bütün teatrlar, mağazalar, əyləncə mərkəzləri və kinoteatrlar bağlıdır. Halbuki bu meydandakı məşhur kinoteatrlarda neçə məşhur aktyor, rejissor öz filmlini nümayiş etdirib. İndi isə ölü bir sükut çöküb London küçələrinə; yalnız gedib-gələn maşınların səsi eşidilir.

Baş çəkdiyim digər yer isə “Covent Garden” oldu. Burada əl işləri, suvenir satılan marketlər, restoranlar bağlanıb, bir neçə mühafizəçidən başqa heç kəs gözə dəymir. Mən isə Londonun bu səssiz günlərini çəkmək üçün aylar sonra ilk dəfə şəhər mərkəzinə çıxmışam.

Londonun digər bir simvolu olan “London Eye”in qarşısında isə hər zamankı kimi həyəcanlı turist axını deyil, quşlar var. Bir də idmanla məşğul olan bəzi insanlar. İnsanlara gündə bir dəfə yaxınlıqlarındakı bölgədə idmanla məşğul olmağa icazə verilir. Bundan başqa isə onlar yalnız marketə gedə bilərlər. Marketin önündə isə sosial məsafəni nəzərə alaraq insanlar növbədə gözləyir, içəriyə sıra ilə buraxılırlar.

Hamıya evdən işləmək çağırışı edilir, həkim, müəllim, polis, yük daşıyan və ya təmizlik işçisi kimi vacib işçi qüvvəsindən başqa. İnsanlar həftənin bəzi günləri balkonlarına çıxaraq həkimlərə və digər çalışanlara öz təşəkkürlərini alqışları ilə çatdırır. Çünki koronavirusa yoluxanların sayı artdıqca onların üzərinə daha çox yük düşür.

Hazırda Londonda koronavirusa yoluxanların sayı 108 mini keçib. Ölənlərin sayı isə 15 minə yaxınlaşır. Hökumət növbəti həftələrdə bu sayın daha da yüksələcəyini, pandemiyanın hələ pik həddə çatmadığını deyir, insanları evdə oturmağa, çölə çıxmamağa səsləyir.

Koronavirusun ilk başlarda yaratdığı təşviş yerini qarşılıqlı anlayışa buraxıb, hamı bir-birinə daha dözümlü davranır.

Aytən Abbaslı, APA-nın London müxbiri

ONA

Teqlər:

SON XƏBƏRLƏR