Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ-ı Venesuela ilə münasibətlərində "Monro Doktrinası"nı tətbiq etməkdən çəkinməyə çağırıb.
ONA-nın Rusiya mediasına istinadən xəbərinə görə, Sergey Lavrov Rusiya və ABŞ-ın Latın Amerikası ölkələrindəki böhranla bağlı mövqelərinin üst-üstə düşməsinə baxmayaraq, tərəflər arasında dialoqun davam etdirilməsinin vacib olduğunu deyib.
"Mövqelərimiz üst-üstə düşmür, amma biz danışığa hazırıq", - Lavrov vurğulayıb.
Onun sözlərinə görə, ABŞ dövlət katibi Pompeo ilə telefon söhbəti zamanı “Monro Doktrinası” yanaşmasının Venesuela və bütün Latın Amerikası xalqlarına hörmətsizlik əlaməti olduğunu amerikalı həmkarının diqqətinə çatdırıb.
ABŞ-ın Venesuelaya hərbi müdaxiləsinin mümkünlüyü məsələsinə toxunan Lavrov Rusiyanın bu cür planlara qarşı çıxan ölkələr blokunu yaratmağı planlaşdırdığını və bu qrupa “Rusiya kimi BMT Nizamnaməsinə hörmət göstərən ölkələr”in daxil olacağını deyib.
Rusiyalı nazir ABŞ dövlət katibinin Maduronun ölkədən qaçmaq planları və Rusiyanın bunu mane olması ilə bağlı iddialarının da doğru olmadığını qeyd edib: "ABŞ rəhbərliyinin Venesuela ilə əlaqədar söylədiyi hər şey nəzərdən keçirilsə, sonsuz suallar yaranacaq və bu sualların hamısının diplomatik birmənalı cavabı var: söylənilənlər doğru deyil".