Rusiya Xarici İşlər naziri Sergey Lavrov və Müdafiə naziri Sergey Şoyqu Rusiya hökumətində baş verən dəyişikliklərdən sonra da öz əvvəlki vəzifələrini davam etdirəcəklər.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu gün Rusiyada yeni hökumətin tərkibi məlum olub.
2004-cü ildən Rusiyanın xarici siyasət idarəsinə rəhbərlik edən Sergey Lavrov yenə öz vəzifəsində qalıb. Rusiyanın Müdafiə naziri də dəyişməyib. 2012-ci ildən nazirliyə rəhbərlik edən Sergey Şoyqu da yeni hökumətdə əvvəlki vəzifəsini davam etdirəcək.
Yeni hökumətdə əvvəlki vəzifəsində qalanlar arasında Daxili İşlər naziri Vladimir Kolokoltsev, Nəqliyyat naziri Yevgeni Ditrix, Sənaye və Ticarət naziri Denis Manturov, Fövqəladə Hallar naziri Yevgeni Zintsev, Maliyyə naziri Anton Siluanov, Energetika naziri Aleksandr Novak və Kənd-təsərrüfatı naziri Dmitri Patruşev də var.
Yeni Mədəniyyət naziri Olqa Lyubimova, Səhiyyə naziri Mixail Muraşko, Maarif naziri Sergey Kravtsov, İqtisadiyyat naziri Maksim Reşetnikov, Rəqəmsal İnkişaf, Rabitə və Kommunikasiya naziri Maksut Şadayev, Təbii Sərvətlər və Ekologiya naziri Dmitri Kobılkin, İdman naziri Oleq Matıtskin, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Anton Kotyakov, Elm və Ali Təhsil naziri Valeri Falkov təyin ediliblər.