• DÜNYA

    18:59 14 aprel 2019

Liviyada hərbi toqquşmalar nəticəsində ölənlər və yaralananların sayı açıqlanıb

Liviyada aprelin 4-də general Xəlifə Xaftarın qoşunlarının hücuma başlamasından sonra ötən dövr ərzində paytaxt Tripoli yaxınlığında döyüşlər nəticəsində 121 nəfər ölüb.

ONA-nın məlumatına görə, bu barədə bu gün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.

Yaralıların sayı isə 561 nəfərə çatıb. ÜST Liviyaya əlavə əməkdaşlar göndərmək, tibbi yardımı artırmaq niyyətindədir. Bununla belə, ÜST Tripolidə humanitar yardım təşkilatlarının əməkdaşlarına və tibbi yardım maşınlarına hücumlara son qoymağı da tələb edib.

Qeyd edək ki, aprelin əvvəlindən 75 yaşlı general Xəlifə Xaftarın komandanı olduğu Liviya Milli Ordusu Tripoliyə hücuma başlayıb. Məqsəd Tripolidə fəaliyyət göstərən və beynəlxalq ictimaiyyət tərəfindən tanınan Faiz Saracın rəhbərlik etdiyi milli razılıq hökumətini devirməkdir. Toqquşmalarla əlaqədar ölkədə fəaliyyət göstərən yeganə Tripoli aeroportu da fəaliyyətini dayandırıb.

Xəlifə Xaftar 1969-cu ildə monarxiyanın devrilməsi nəticəsində hakimiyyətə gəlmiş və 2011-ci ildə öldürülmüş Müəmmər Qəddafinin tərəfdarlarından olub.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR