Mali prezidenti İbrahim Bubakar Keyta istefa verdiyini və parlamenti buraxdığını açıqlayıb.
APA “Reuters”ə istinadən xəbər verir ki, bu, onun qiyamçılar tərəfindən tutulmasından bir neçə saat sonra baş verib.
“Bu andan etibarən öz səlahiyyətlərimdən imtina etməyi qərara alıram. Hakimiyyətdə qalmaq naminə qan tökülməsini istəmirəm”, - prezident belə deyib. Onun çıxışı dövlət televiziyası vasitəsilə də yayımlanıb.
Qeyd edək ki, Malidə hərbi bazada qiyam baş qaldırıb. Qiyamçılar prezident İbrahim Bubakar Keytanı və Baş nazir Bubu Sisseni həbs etdiklərini bildiriblər. Yerli KİV qiyama polkovniklər Dyau və Kamaranın, eləcə də general Şeyk Fantamadi Dembelenin rəhbərlik etdiyini bildirib.