“Azərbaycanlılar Gürcüstanın ictimai-siyasi həyatında aktiv iştirak edirlər və mənim Gürcüstanın həm ərazi, həm də iqtisadi baxımdan ən inkişaf etmiş rayonlarından olan Marneulinin meri seçilməyim bunun təsdiqidir”.
Bu sözləri ONA-nın Gürcüstan bürosuna müsahibəsində mayın 19-da Marenulidə keçirilən növbədənkənar mer seçkilərinin qalibi Zaur Darğallı deyib.
O bildirib ki, yaxın vaxtlarda azərbaycanlıların bu ölkənin siyasi-iqtisadi həyatında aktivliyi daha da artacaq: “Bizim ümidimiz bu gün Tbilisidə təhsil alan 3 min tələbəyədir. Bu proses aktiv şəkildə davam edir və biz əminik ki, bu tələbələr öz kəndlərinə, öz bələdiyyələrinə döndükdən sonra yerlərdə vəziyyət tamam dəyişəcək”.
Zaur Darğallı qeyd edib ki, yaxın vaxtlarda Marneulinin su və kanalizasiya problemlərinin həlli məqsədilə 200 milyon lari dəyərində yeni layihənin icrasına başlanacaq: “Bu layihələrin əksəriyyəti azərbaycanlıların yaşadığı kəndlərdə həyata keçirilir. 2012-ci ildə rayonun içməli su təchizatı 15 faiz idi. Bu gün bu rəqəm 85 faizə çatdırılıb. Hazırda 15 kənddə bu istiqamətdə işlər aparılır”.
Zaur Darğallı deyib ki, fəaliyyətə başladıqdan sonra azərbaycanlıların idarəetmə işlərinə cəlb edilməsi istiqamətində intensiv işlər aparacaq. Bu yolla həm həyata keçiriləcək layihələrin effektivliyinin artırılmasına, həm də azərbaycanlıların Gürcüstan cəmiyyətinə inteqrasiyasına nail olunacaq.
Son seçkilərdə seçici aktivliyinə münasibət bildirən Zaur Darğallı 36 faiz iştirakın Gürcüstan üçün normal olduğunu söyləyib: “Gürcüstanda hər seçkiyə ortalama olaraq 40 faizə yaxın əhali qatılır. Bu normal göstəricidir. Hər seçkidə olan göstəricidir. Müxtəlif seçkilərdə artma və ya azalma olur. Ancaq 36 faiz orta göstəricidir”.
Səslərin sayılması zamanı elektrik təchizatında problem yaranması ilə bağlı iddiaları əsassız adlandıran Zaur Darğallı 20 gün içində yeni vəzifəsinə başlayacağını bildirib.