ABŞ dövlət katibi Mayk Pompeo Venesuela məsələsini müzakirə etmək üçün 11-15 aprel tarixlərində Çili, Paraqvay və Peruya səfər edəcək. O, həmçinin Venesuela ilə Kolumbiya sərhədinə də baş çəkəcək.
ONA-nın “TASS” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Morqan Ortequsun yaydığı açıqlamada deyilir.
“Pompeo ABŞ-la Cənub yarımkürəsi ölkələri arasında əməkdaşlıq münasibətlərinin möhkəmləndirilməsi üçün 11-15 aprel tarixlərində Çili, Paraqvay və Peruya, eləcə də Kolumbiyanın Kukuta şəhərinə səfər edəcək”, - deyə Ortequs bildirib.
Onun sözlırinə görə, Pompeo əsasən insan haqları, yarımkürənin xalqlarının “təhlükəsizliyi və firavanlığı imkanları” və Venesuelada demokratiya məsələlərinə dair müzakirələr aparacaq. Dövlət katibi, həmçinin Çili, Paraqvay və Peru XİN rəhbərləri ilə təhlükəsizlik sahəsində əməkdaşlıq, kiberfəza, cinayətkarlıqla və korrupsiya ilə mübarizə, eləcə də venesuelalı qaçqınlara köməyin göstərilməsi məsələlərini müzakirə edəcək.
Ortequsun bildirdiyinə görə, dövlət katibi aprelin 14-də Kukuta şəhərində “qısamüddətli dayanacaqla” Venesuela ilə “sərhədin bağlanması səbəbindən yaranmış problemləri”, qaçqınların düşdüyü vəziyyəti araşdıracaq.