• DÜNYA

    04:14 24 iyun 2020

Meksikada qeydə alınmış güclü zəlzələ zamanı ölənlərin sayı artıb - YENİLƏNİB-1

Meksikada baş vermiş güclü zəlzələ nəticəsində 5 nəfər ölüb, daha 30 nəfər xəsarət alıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Oaxaka ştatının qubernatoru Alexandro Murat məlumat verib. Bundan qabaq Meksikanın Təhlükəsizlik və Mülki Müdafiə Nazirliyi dörd ölüm faktının olduğunu bildirmişdi.

Bütün ölüm halları zəlzələnin episentri olan Oaxaka ştatının ərazisində qeydə alınıb. Həmçinin Mülki Müdafiə üzrə Milli İdarə 30-dan çox yaralının olduğunu bildirib.

Yeraltı təkanlar ölkənin cənubunda beş xəstəxanaya ciddi ziyan vurub, onların fasadı və konstruksiyası zədələnib. Dağıntılar nəticəsində 190 saylı federal yolun iki hissəsi bağlanıb, Oaxaka-Poçutla şosesində hərəkət dayanıb.

İkskoteledə kilsəyə, həmçinin Santa-Lusia-del-Kaminoda hökumət binası və bələdiyyə bazarına ziyan dəyib.

Zəlzələ ölkənin 11 ştatında hiss olunub. Ancaq onların doqquzunda ciddi fəsadlar barədə məlumat verilməyib.

Qeyd edək ki, zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən 23 km cənubda yerləşib. Milli Seysmoloji Xidmətin məlumatına görə, yerli vaxtla saat 14:30-dək 447 təkrar təkanlar qeydə alınıb, onlardan ən güclüsü 4,6 maqnitudalı olub.

***

Saat 02:05

Meksikada qeydə alınmış 7,5 maqnitudalı zəlzələ nəticəsində 4 nəfər ölüb.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə ölkənin İctimai Təhlükəsizlik və Vətəndaşların mühafizəsi Nazirliyinin saytında qeyd olunub.

“İlkin məlumata əsasən, 7,5 bal gücündə zəlzələ nəticəsində Oaxaka ştatında dörd nəfər ölüb, yaşayış fondu ciddi maddi ziyanla üzləşib. Müxtəlif hesablamalara görə, yaralıların sayı 30 nəfərdən çoxdur”, - qurumun açıqlamasında belə deyilir.

Bildirilir ki, Oaxakada bir neçə xəstəxanaya ziyan dəyib, nəticədə oradakı xəstələr və tibbi heyət başqa yerə köçürülüb. Rəsmilər hərbi qüvvələri əhaliyə yardıma cəlb ediblər.

Xəstəxanalara dəymiş ziyan barədə Meksikanın Oaxaka ştatının qubernatoru Alexandro Murat da özünün “Twitter” səhifəsində paylaşım edib.

“Zəlzələ nəticəsində regionun xəstəxanalarında, xüsusilə episentrin yerləşdiyi Uatulkoda yaranmış fəsadları qiymətləndirməyə çalışırıq”, - deyə qubernator yazıb.

Qeyd edək ki, 7.1-7.7 maqnituda kimi qiymətləndirilən zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən 23 km cənubda, 5 km dərinlikdə baş verib. Yeraltı təkanlar burada bir sıra fəsadlar da törədib. Zəlzələ bir neçə regionun ərazisində, eləcə də episentrdən 500 km uzaqlıqda olan paytaxt Mexikoda da hiss edilib.

***

Saat 20:20

Meksikanın cənubunda 7,1 bal gücündə zəlzələ baş verib.

APA xəbər verir ki, bu barədə Meksikanın Milli Seysmoloji Xidməti məlumat yayıb.

Seysmoloqların bildirdiyinə görə, zəlzələnin episentri Oaxaka ştatının Krusesita şəhərindən cənub-şərqdə, 12 kilometr dərinlikdə yerləşib. Şəhərdəki təkanlar yüngül hiss olunub. Sakinlərə hələ mənzillərinə keçmək tövsiyə olunmayıb.

ABŞ-da Sunami təhlükəsi haqqında milli Mərkəz zəlzələdən sonra Meksikanın, Salvadorun və Qvatemalanın qərb sahilləri üçün sunami həyəcanı barədə məlumat yayıb.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR