Silahlı qrup Meksikanın sabiq prezidenti Visent Foksun evinə hücum etməyə cəhd göstərib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sabiq dövlət başçısı “Facebook” sosial şəbəkəsindəki səhifəsində yazıb.
Hadisə martın 6-da səhər saatlarında olub. 2000-2006-cı illərdə prezident postunu tutmuş V. Foks dövləti hadisəyə ciddi reaksiya verməyə çağırıb, özünün, ailəsinin təhlükəsizliyinə prezident Andreas Manuel Lopes Obradorun məsuliyyət daşıdığını bildirib.
Sabiq prezident hadisənin təfərrüatlarını açıqlamayıb. Artıq Meksika prezidenti baş verən olaya reaksiya verib. O deyib ki, V. Foks və ailəsinin təhlükəsizliyini qorumaq üçün müdafiə nazirinə təhlükəsizlik qvardiyası yaratmağı tapşırıb.