• DÜNYA

    05:21 2 may 2019

Mərkəzi Kəşfiyat İdarəsinin sabiq zabiti Çinə casusluqda ittiham olunur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) zabiti Jerri Li gizli məlumatların Çinə çatdırılmasında şübhəli bilinib.

ONA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyinin verdiyi bəyanatda qeyd olunub.

Bildirilib ki, o, bu ittihamla əlaqədar olaraq Virginia ştatının Şərq rayonu Federal məhkəmənin sədri Tomas Ellis tərəfindən dindirilib.

Araşdırmalara görə, əslən Honqkonqdan olan 54 yaşlı zabit topladığı məlumatları böyük məbləğdə pul qarşılığında Çin hökumətinə satırmış.

Cümə axşamı ABŞ hüquq-mühafizə orqanları əməkdaşlarının suallarını cavablandıran Jerri Li bir sıra məsələlərlə bağlı yalan ifadələr verməklə yanaşı, sözügedən ittihamı üzərindən atmağa da çalışıb.

Lakin qapalı rejimdə keçirilmiş dindirilmələr zamanı MKİ zabiti ona qarşı səsləndirilən fikirlərlə razılaşaraq əməllərini etiraf edib. Məhz Linin etirafı onun üçün nəzərdə tutulmuş ömürlük məhkəmə hökmünün azaldılmasına zəmin yaradıb.

The Washington Post nəşrinin yazdığına görə, MKİ Li barəsində bütün detalları ortaya qoyduqdan sonra onunla işbirliyində günahlandırılanların Çindəki“ silahdaş”larının bəzilərinin öldürüldüyü də istisna deyil.

Ədliyyə Nazirliyinin bəyanatında o da vurğulanıb ki, Li 13 il (2007-ci ildək) MKİ-də vəzifə başında olub. O, ABŞ Ordusu quru qoşunlarının veteranıdır.

Qeyd edək ki, Li barəsində məhkəmə hökmünün may ayında tətbiq ediləcəyi gözlənilir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR