Misirin şimalında Port-Səid və Dumyat şəhərləri arasındakı avtomobil yolunda baş vermiş yol qəzası nəticəsində azı 23 nəfər ölüb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Misirin “MENA” agentliyi məlumat yayıb.
Bildirilir ki, avtoqəza zamanı avtobus və ağırtonnajlı yük maşını toqquşub. Avtobus müəssisələrin birindən növbəsi bitdikdən sonra evlərinə qayıdan işçiləri daşıyırmış. Avtoqəzanın səbəbləri araşdırılır.
Qeyd edək ki, bu, şənbə günü Misir yollarında baş vermiş ikinci böyük hadisədir. Bundan əvvəl içərisində Hindistan, Malayziya və Çin vətəndaşlarının olduğu turist avtobusu Qırmızı dəniz bölgəsində, Ayn-əs-Sohna rayonunda yük maşını ilə toqquşub. Nəticədə üçü əcnəbi olmaqla 6 nəfər ölüb, iyirmi nəfəri turist olmaqla 24 nəfər də xəsarət alıb.