Misirin cənubunda iki sərnişin qatarının toqquşması nəticəsində xəsarət alanların sayı 108-ə çatıb, 32 nəfər həyatını itirib.
APA TASS-a istinadən xəbər verir ki, qatarlar Sohaq əyalətinin Tahta şəhəri yaxınlığında toqquşub. Qatarlardan biri Luksor-İsgəndəriyyə, digəri isə Asuana-Qahirə marşrutu üzrə hərəkət edirmiş.
İlkin məlumata görə, hadisəyə qatarlardan birinin əyləc kranının qopması səbəb olub. Nəticədə onun arxasınca gələn ikinci qatar vaxtında dayana bilməyib.
Qəza zamanı birinci qatarın son iki vaqonu və ikinci qatarı çəkən lokomotiv relsdən çıxaraq aşıb. Hadisə ilə əlaqədar olaraq Misirin cənubunda dəmir yollarında hərəkət tamamilə dayandırılıb.
Hadisə yerinə təxminən 74 təcili tibbi yardım maşını xəlb olunub. Yerli həkimlərə kömək məqsədilə Qahirədən əlavə tibb işçiləri göndərilib.
***
Saat 16:19
Misirin Sohaq əyalətinin Tahta şəhərində iki qatar toqquşub.
APA-nın "Egypt Today"ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində üç sərnişin vaqonu relsdən çıxıb.
Ölkənin Səhiyyə Nazirliyi ən azı 32 nəfərin öldüyünü və daha 66 nəfərin yaralandığını bildirir.
Hadisə yerinə 36 təcili yardım maşını göndərilib, zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb. Misir Baş Prokurorluğu hadisə ilə əlaqədar istintaqın başlanmasını, nəqliyyat naziri Kamel əl-Vəzir isə hər iki qatarın maşinistlərinin həbs edilməsini tapşırıb. Qəza səbəbindən cənub istiqamətindəki qatarların hərəkəti tamamilə dayandırılıb.
Xatırladaq ki, Misir dəmir yollarının qeyri-qənaətbəxş vəziyyəti səbəbindən dəmiryol nəqliyyatında qəzalar, demək olar, hər həftə baş verir. Lakin əksər hallarda qəzalar itkisiz və xəsarətsiz ötüşür. Ən pis hadisələrdən biri 2012-ci ildə Asyut vilayətində qeydə alınıb. Belə ki, tam sürətlə hərəkət edən sərnişin qatarı ekskursiyaya yollanan və 4-11 yaş arasındakı uşaqları daşıyan məktəb avtobusu ilə toqquşmuşdu. Nəticədə 50 nəfər həlak olmuşdu. 2017-ci ilin avqustun 11-də isə Qahirədən İsgəndəriyyəyə gedən sərnişin qatarı şimal paytaxtının yaxınlığında, Port-Səiddən gələn və relslərdə dayanan qatara çırpılmışdı. Hadisə zamanı lokomotiv və beş vaqon relslərdən çıxmışdı. Nəticədə 43 nəfər ölmüşdü, 236 nəfər isə yaralanmışdı.