Rusiya paytaxtında “Dünya xalqlarının mətbəxi. Azərbaycan kulinariyası” adlı beynəlxalq forum keçirilib.
ONA-nın Rusiya bürosunun məlumata görə, “Vkus Mira Rus” Kulinarlar Assosiasiyasının təşkilatçılığı və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutan forum Moskvadakı Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinin "Texnoqrad” İnnovasiya Təhsil Mərkəzində keçirilib.
Forumun açılışında çıxış edən Moskva meriyasının innovasiya inkişafı mərkəzinin direktoru Maksim Kiselyov Azərbaycan mətbəxinin öz zənginliyi ilə bütün dünya mətbəxlərindən seçildiyini söyləyib.
Onun sözlərinə görə, Moskva sakinləri Azərbaycan mətbəxinin ləziz nümunələri olan plov növləri, düşbərə, qutab və əvəzzis təamı olan tərəvəzlərdən hazırlanan təkrarolunmaz dada malik yeməklərimizlə yaxından tanışdılar.
Forumun Moskvada keçirilməsinin önəmindən danışan Azərbaycanın Rusiyadakı səfirliyinin müşaviri Vüqar İmaməliyev isə çıxışında paytaxt sakinlərini və turistləri iki gün davam edəcək forumda maraqlı anların gözlədiyini söyləyib.
Forum çərçivəsində Azərbaycan Milli Kulinariya Mərkəzinin baş texnoloqu Tünzalə Məmmədzadənin iştirakı ilə ustad dərsləri də təşkil olunub.
Moskvanın peşə məktəblərində təhsil alan gənc kulinarlara milli şirniyyatlarımızın hazırlanma prosesi nümayiş etdirilib. Daha sonra milli musiqimiz və rəqslərimizdən ibarət konsert proqramı nümayiş olunub.
Qeyd edək ki, iki gün davam edəcək forum çərçivəsində keçirilən ustad dərslərinin iştirakçılarına Azərbaycan Milli Kulinariya Mərkəzinin sertifikatları təqdim olunacaq.