Rusiya paytaxtında Federal Təhlükəsizlik Xidmətinin binası qarşısında baş vermiş silahlı insident zamanı hüquq-mühafizə orqanlarının yaralanan digər əməkdaşı xəstəxanada dünyasını dəyişib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İstintaq Komitəsinin nümayəndəsi Svetlana Petrenko bildirib.
“Atışma nəticəsində FTX-nin bir əməkdaşı hadisə yerində ölüb, digəri isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb və orada keçinib”, - Petrenko belə deyib.
Onun sözlərinə görə, biri mülki şəxs olmaqla, daha 5 nəfər xəsarət alıb, onların xəsarətlərinin orta ağır olduğu bildirilir.
Məlumata görə, Lubyanka rayonunda hüquq-mühafizə orqanlarına hücum edən şəxs 39 yaşlı Moskvaətrafı rayonun sakini Yevgeni Manyurov olub.
İnsidentlə bağlı hazırda istintaq araşdırmaları aparılır.