• DÜNYA

    12:12 4 aprel 2019

Pompeo Türkiyənin Suriyadakı hərbi əməliyyatı ilə bağlı Çavuşoğluna xəbərdarlıq edib - YENİLƏNİB

ABŞ dövlət katibi Mayk Pompeo və Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu arasında keçirilən görüşün detalları açıqlanıb.

ONA-nın Türkiyə mediasına istinadən xəbərinə görə, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Robert Palladino açıqlama verib.

Onun sözlərinə görə, 40 dəqiqə çəkən görüşdə M.Pompeo Türkiyənin Suriyadakı birtərəfli hərbi əməliyyatının dağıdıcı nəticələri ola biləcəyini, amma Şimal-qərbi Suriya ilə bağlı davam edən müzakirələrə dəstək verdiyini bildirib.

Eyni zamanda dövlət katibi Türkiyənin Rusiyadan S-400 zenit-raket kompleksləri almasından narahat olduqlarını və Türkiyədə həbsdə olan ABŞ vətəndaşlarının azadlığa buraxılmasının vacibliyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-ın vitse-prezidenti Mayk Pens Türkiyənin Rusiyadan S-400 almasının NATO üçün böyük risk daşıdığını və bu baş verərsə, Türkiyənin F-35 proqramından çıxarıla biləcəyini bəyan edib: “Türkiyə mütləq seçim etməlidir”.

* * *

Saat 00:33

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ABŞ-ın Dövlət katibi Mayk Pompeo ilə görüşüb.

ONA-nın “Anadolu”-ya istinadən yaydığı xəbərinə görə, Vaşinqtonda baş tutan görüşdə iki ölkə arasındakı hazırki münasibətlər müzakirə edilib.

Görüş zamanı amerika-türk münasibətlərinin möhkəmləndirilməsı vacibliyi qeyd olunub.

Çavuşoğlu ABŞ-a NATO-ya üzv ölkələrin xarici işlər nazirlərinin görüşündə iştirak etmək üçün səfər edib.

Nazirlərin görüşü sabah Şimali Atlantika Alyansının 70 illiyi ilə bağlı baş tutacaq.

Səfər zamanı Çavuşoğlunun ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Djon Boltonla da görüşü nəzərdə tutulub.

Aytən

Teqlər:

SON XƏBƏRLƏR