Türkiyə Böyük Millət Məclisi (TBMM) bu gün yeni sədrini seçib.
APA-nın yerli bürosunun xəbərinə görə, TBMM sədri yenə də hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Mustafa Şəntop olub.
Qeyd edək ki, Milliyyətçi Hərəkat Partiyasının (MHP) Türkiyə parlamentindəki millət vəkilləri də M.Şəntopun TBMM sədrliyinə namizədliyini irəli sürüb. M.Şəntop 3-cü turda 328 səslə TBMM-nin sədri seçilib.
Onu da bildirək ki, sədrlik uğrunda Cümhuriyyət Xalq Partiyasının (CHP), Xalqların Demokratik Partiyası (HDP), İyi Partiya və Türkiyə Fəhlə Partiyasının (TİP) namizədləri ilə birgə sədrlik uğrunda 5 namizəd yarışıb.
M.Şəntop ona göstərilən etimada görə təşəkkür edərək bildirib ki, Türkiyə parlamentinin 100-cü ildönümündə TBMM-ə sədrlik edəcəyindən qürur duyur.
***
Saat 19:05
Türkiyə Böyük Millət Məclisinə (TBMM) sədr seçkisi keçirilir.
APA xəbər verir ki, spikerlik uğrunda 5 namizəd mübarizə aparır. Bunlar TBMM-in hazırkı sədri Mustafa Şentop (AK Parti), Haluk Koç (CHP), Erol Katırcıoğlu (HDP), Hüseyin Filiz (İYİ Parti), Erkan Başdır (TİP).
Gizli səsvermənin ilk turunda Mustafa Şentop 324, Haluk Koç 131, Erol Katırcıoğlu 50, Hüseyn Filiz 34, Erkan Baş 9 səs toplayıb. Bu turda heç bir namizəd sədrlik üçün lazım olan 400 səsi toplamadığı üçün seçkinin növbəti mərhələsi keçiriləcək. Həmin mərhələdə də tələb olunan səs toplanmasa, seçkinin 3-cü turu olacaq. 3-cü turda 301 səs toplayan şəxs TBMM sədri olacaq.
Qeyd edək ki, Mustafa Şentopun səlahiyyət müddəti başa çatır.