Rusiyanın Armavir şəhərində nasistlərə xidmət etmiş Qaregin Njdenin xatirə lövhəsi sökülüb.
ONA-nın “aysor.am” saytına istinadən verdiyi məlumata görə, bunu beynəlxalq konfliktlər üzrə mütəxəssis Yevgeniy Mixaylov bildirib.
Qeyd edək ki, bundan əvvəl Armavir şəhər Dumasının deputatı Aleksey Vinoqradov Q. Njdenin xatirə lövhəsinin üzərinə qara boya çəkib. A. Vinoqradov bildirib ki, yerli hakimiyyətin noyabrın 11-dən Rusiya Erməniləri İttifaqına Q. Njdenin xatirə lövhəsinin sökülməsi barədə verdiyi iki həftəlik möhlət başa çatıb.
Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 11-də Türkmənistanın paytaxtı Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında Azərbaycan xalqının İkinci Dünya Müharibəsində iştirakından söz açıb. Azərbaycan dövlət başçısı daha sonra Ermənistanda nasistlərin davamçısı Qaregin Njdenin qəhrəmanlaşdırılmasını pisləyib. Dövlət başçısı deyib ki, Ermənistanın keçmiş hakimiyyəti Yerevanın mərkəzində alman faşistlərinə xidmət edən Qaregin Njde ləqəbli faşist cəllad və satqın Qaregin Ter-Arutyunyana abidə ucaldıb: “Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu abidəni sökməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlaşdırılmasına yer yoxdur”.