“Falcon 9” raketdaşıyıcısı göyərtəsində iki NASA astronavtının olduğu “Crew Dragon” kosmik gəmisi ilə Beynəlxalq Kosmik Stansiyaya (BKS) yola düşüb. Artıq birinci və ikinci daşıyıcı bölmələr raketdən müvəffəqiyyətlə ayrılıb.
APA xəbər verir ki, raketin kosmosa qalxması NASA-nın rəsmi “YouTube” səhifəsində də canlı yayımlanıb. Raketin uçuşu ikinci cəhddə mümkün olub. İlk uçuş mayın 27-də planlaşdırılsa da, pis hava səbəbindən təxirə salınmışdı.
Bu, 2011-ci ildən bəri pilot tərəfindən idarə olunan Amerikanın ilk və göyərtəsində adam olmaqla özəl şirkətin həyata keçirdiyi birinci kosmik uçuşdur. Missiya pilotlu idarə olunan uçuşların gələcəyi və NASA-nın özəl şirkətlərlə əməkdaşlıq strategiyası üçün mühüm əhəmiyyət daşıyır.
“Crew Dragon” gəmisinin göyərtəsində iki astronavt yola düşüb – Bob Benken və Daq Herli. Gəmi BKS-lə bazar günü birləşəcək. Astronavtların Yerə qayıdacaqları vaxt hələ müəyyən edilməyib.
NASA pilot tərəfindən idarə olunan uçuşlarda hər biri pilotsuz rejimdə öz kosmik aparatını yaradaraq sınaqdan keçirən “SpaceX” və “Boeing” şirkətləri ilə əməkdaşlıq edir. Uğurlu idarə olunan “SpaceX” missiyası ona “Boeing”ə qarşı yarışda xeyli irəliləmək imkanı verəcək.