• DÜNYA

    02:10 22 avqust 2020

Navalnının müalicə üçün Almaniyaya aparılmasına icazə verilib

"Həkimlər Aleksey Navalnını müalicə üçün xaricə aparmağa icazə verib".

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Omsk şəhərinin 1 nömrəli Təcili Tibbi Yardım Xəstəxanasının Baş həkiminin müavini Anatoli Kaliniçenko açıqlama verib.

O, alman həkimlərindən ibarət qrupun Omska gəldiyini və Navalnının səhhətilə bağlı məsləhətləşmələrin aparıldığını deyib: “Xarici mütəxəssislər xəstənin Berlinə nəql oluna biləcəyinə zəmanət verdiklərini bildirib. Eyni zamanda, hazırda onun səhhətində müsbət dinamika müşahidə edilir”.

A.Kaliniçenko, həmçinin, vurğulayıb ki, xəstəni qəbul edəcək Almaniya xəstəxanası tərəfindən müvafiq sənədlər göndərilməlidir.

O əlavə edib ki, alman həkimlər xəstənin vəziyyətinin pisləşmə riskini nəzərə alaraq, təcili daşınmaya ehtiyacın olmaması ilə bağlı razılaşıblar.

Qeyd edək ki, bu gün səhər saatlarında Navalnını "Charite" Berlin klinikasına çatdırmaq üçün Almaniyadan Omska bir xüsusi tibbi heyət gəlib.

Omsk Hava Limanının informasiya xidmətinin verdiyi məlumata görə, uçuş avqustun 22-i səhər saatlarına planlaşdırılıb.

Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı Navalnı özünü pis hiss edib. Bu səbəbdən təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə diaqnozu ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

Onun komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilmişdi.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR