Venesuela prezidenti Nikolas Maduro müxalifət qüvvələri üzərində qələbəsini elan edib.
ONA-nın məlumatına görə, o, bununla bağlı “twitter” hesabında videomüraciətlə çıxış edib. N.Maduro müxalifətin çevriliş cəhdinin qarşısını aldığına görə ölkənin hərbi rəhbərliyini təbrik edib. Ölkə prezidenti həmçinin Xuan Quaydo tərəfindən təşkil olunmuş dövlət çevrilişinə cəhdin araşdırılması üçün baş prokurorluğa tapşırıq verib.
N.Maduronun sözlərinə görə, qiyam zamanı 5 hərbçi yaralanıb, onlardan 2-nin vəziyyəti ağırdır.
Qeyd edək ki, ötən gün Venesuelada müxalifət lideri Xuan Quaydo hərbçiləri və xalqı prezidenti devirməyə çağırıb. O bildirib ki, ordu onun tərəfindədir və “Azadlıq” əməliyyatının final mərhələsinin başladığını bəyan edib.