Bu gün Qazaxıstanın paytaxtı Nur-Sultanda 3 avtobus, 1 təcili yardım maşını və bir neçə minik avtomobilinin toqquşması nəticəsində 2 nəfər ölüb, 27 nəfər xəsarət alıb.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə yerinə 22 təcili yardım briqadası cəlb olunub.
Xəsarət alanlardan 4-nün durumu ağırdır.
Paytaxt meriyasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, öncə iki avtobus toqquşub, yolda hərəkətdə olan daha bir avtobus, bir təcili yardım maşını və bir neçə minik avtomobili də onlara çırpılıb. Nəticədə avtobuslardan birinin 66 yaşlı sürücüsü və 26 yaşlı sərnişin qadın ölüb, 27 nəfər xəsarət alıb. Xəsarət alanlar arasında təcili tibbi yardım maşınında olan iki feldşer də var. Onlardan biri qapalı kəllə-beyin travması alıb, digəri ayağından yaralanıb.