Özbəkistan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına (Türk Şurası) üzv olmaq barədə qərar qəbul edib.
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, Türkmənistan isə müşahidəçi dövlət kimi Türk Şurasına üzv olmaq niyyətindədir.
Türkiyə XİN rəhbəri qeyd edib ki, 19 sentyabrda Macarıstanın paytaxtı Budapeştdə Türk Şurasının Avropa mərkəzinin açılışı olacaq.
Qeyd edək ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşü oktyabrın 14-15-də Bakıda keçiriləcək.
Xatırladaq ki, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Şurası) türkdilli ölkələr arasında hərtərəfli əməkdaşlığa yardım edən beynəlxalq hökumətlərarası təşkilatdır.
Təşkilat türkdilli ölkələrin dövlət başçılarının 3 oktyabr 2009-cu il tarixində Naxçıvan şəhərində keçirilən Zirvə görüşündə imzalanmış Naxçıvan Sazişinə əsasən yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə təşkilatın təsisçi üzvləridir.