• DÜNYA

    20:41 22 may 2020

Pakistanda təyyarə qəzası nəticəsində azı 90 nəfər ölüb - VİDEO - YENİLƏNİB

“Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi şəhər aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfər ölüb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Bol news” telekanalı məlumat yayıb.

“Federal Aviasiya naziri Qulam Sərvər Xan “Pakistan Beynəlxalq Hava Yolları”na məxsus təyyarənin Kəraçi aeroportu yaxınlığında qəzaya uğraması nəticəsində azı 90 nəfərin öldüyünü təsdiqləyib”, - deyə telekanal bildirib.

Telekanal, həmçinin qeyd edib ki, aviaqəza nəticəsində beş ev və bir neçə avtomobil də məhv olub.

Pakistanın Mülki Aviasiya İdarəsinin nümayəndəsinin məlumatına görə, qəzaya uğrayan təyyarənin göyərtəsində 91 sərnişin və 7 ekipaj üzvü olub. İnsidentdən sonra azı iki nəfərin sağ qaldığı, təyyarənin düşdüyü evlərdə bir neçə nəfərin də xəsarət aldığı qeyd olunur.

***

Saat 19:37

Pakistanda Lahor şəhərindən Kəraçiyə uçan sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində azı 35 nəfər ölüb.

APA-nın xəbərinə görə, bu barədə “Doon” qəzeti məlumat yayıb.

“Edhi” xeyriyyə fondunun nümayəndəsi bildirib ki, təyyarənin qəzaya uğradığı yerdən 35 nəfərin meyiti aşkarlanıb.

O qeyd edib ki, 25-30 nəfər arası yaralı xəstəxanalara yerləşdirilib.

Xatırladaq ki, bundan əvvəl “The Nation” qəzeti 32 nəfər yaralının xəstəxanalara yerləşdirilməsi haqda məlumat yayıb.

***

Saat 15:53

Pakistanda sərnişin təyyarəsi qəzaya uğrayıb.

APA-nın xəbərinə görə, Geo TV Pakistan Beynəlxalq Aviaşirkətinə məxsus təyyarənin bu gün Kəraçi şəhəri yaxınlığında qəzaya uğradığı barədə məlumat yayıb.

“Kyodo” agentliyi təyyarənin göyərtəsində 100-dək insanın olduğunu yazır.

Pakistan Mülki Aviasiya İdarəsinin sözçüsü Əbdül Səttar Airbus A320 sərnişin təyyarəsinin Kəraçi aeroportu yaxınlığında qəzaya uğradığını təsdiq edib.

APA-nın “Əl Cəzirə”yə istinadən verdiyi xəbərə görə, Ə. Sattar bildirib ki, ilkin məlumata əsasən, Lahor şəhərindən Kəraçiyə uçan təyyarədə 99 sərnişin, 8 nəfər ekipaj üzvü olub.

Kəraçi aeroportu yaxınlığında qəzaya uğrayan təyyarə evlərin üstünə düşüb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR