Əfqanıstanda qəzaya uğrayan təyyarə ABŞ Hərbi Hava Qüvvələrinə aid olub, ekipaj üzvlərinin vəziyyəti barədə hələlik heç nə məlum deyil.
APA “TASS” agentliyinə istinadən xəbər verir ki, bunu ABŞ Hərbi Hava Qüvvələrinin qərargah rəisi general Devid Qoldfeyn bildirib.
“Görünən odur ki, biz təyyarəni itirdik. Ekipajın vəziyyəti barədə məlumatımız yoxdur”, - deyə “Military.com” portalı ondan sitat gətirib.
Qoldfeyn qəzaya uğrayan təyyarənin “E-11A” tipli rabitə təyyarəsi olduğunu da qeyd edib. Onun sözlərinə görə, hazırda ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) nümayəndələri hadisənin səbəblərini araşdırır. General təyyarənin vurulduğunu təsdiqləməyib.
Öz növbəsində Pentaqonun rəhbəri Mark Esper Fransanın Müdafiə naziri Florans Parli ilə birgə mətbuat konfransında da təyyarənin qəzaya uğraması haqqında məlumatlı olduğunu deyib: “Vəziyyətdən xəbərdaram, hazırda əlavə edəcəyim bir şey yoxdur. Vəziyyətin araşdırılmasında irəliləyiş var və gedişatı izləyirik”.
Bundan əvvəl “Reuters” adının açıqlanmasını istəməyən ABŞ administrasiyasındakı mənbələrə istinadən, təyyarənin göyərtəsində azı 10 nəfərin olduğunu bildirmişdi. Məlumata görə, hazırda təyyarənin vurulmasına dair heç bir dəlil yoxdur.
Qeyd edək ki, “Taliban” hərəkatının silahlıları isə qəzaya görə məsuliyyəti öz üzərlərinə götürüblər. “Taliban”, həmçinin təyyarənin ABŞ Hərbi Hava Qüvvələrinə aid olduğunu və ölənlər arasında bir neçə Mərkəzi Kəşfiyyat İdarəsinin zabitinin olduğunu da bildirib.
Xatırladaq ki, təyyarə bazar ertəsi səhər mərkəzi Qəzni əyalətində “Taliban”ın nəzarətində olan ərazidə qəzaya uğrayıb. Hadisənin şahidləri bildirib ki, yerli sakinlər “xarici vətəndaş” olan pilotun cəsədini aşkar ediblər.