Türkiyə xüsusi xidmət orqanları və Hərbi Hava Qüvvələrinin birgə əməliyyatı nəticəsində PKK terror təşkilatının rəhbərlərin biri olan “Halmat Diyar” ləqəbli Diyar Qərib Məhəmməd öldürülüb.
ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, terror təşkilatının 7 nəfərdən ibarət İdarə Heyətinin üzvü olan 46 yaşlı terrorçu iyunun 27-də Şimali İraqda Qəndil dağındakı Kortek bölgəsində məhv edilib.
Bununla da PKK-nın qərargahının yerləşdiyi Qəndil dağında ilk dəfə terror təşkilatının rəhbərliyində yer alan şəxs öldürülüb.
Qeyd edək ki, Abdulla Öcalanın yaxalanmasından sonra İdarə Heyətinin terror təşkilatının fəaliyyətində rolu artıb.