Ginnesin Rekordlar Kitabını nəşr edən “Cim Pattison Group” 116 yaşlı yapon qadını planetin ən uzunömürlü insanı təsdiq edib.
ONA beynəlxalq xəbər agentliklərinə istinadla xəbər verir ki, kitaba daxil edilən Kane Tanaka adlı qadın 1903-cü il yanvarın 2-də Tokioda 8 uşaqlı ailənin 7-ci övladı olaraq anadan olub.
O, 1922-ci ildə ailə qurub, dünyaya dörd uşaq gətirib. Planetin ən uzunömürlü sakini hər gün səhər saat 6-da yuxudan oyanır, günortayadək riyaziyyat və kalliqrafiya ilə məşğul olur. Hazırda Fukuokada qocalar evində yaşayır.
Yaponiya uzunömürlülərin sayına görə dünya lideri sayılır. Bundan əvvəlki ən yaşlı yapon - Jiroemon Kimura 2013-cü ildə 116 yaşında vəfat edib. Ginnesin Rekordlar Kitabına daxil edilmiş ən uzunömürlü insan isə 1997-ci ildə 122 yaşında vəfat etmiş fransız Jan Luis Kalmen olub.