Prezident seçkilərindən sonra İndoneziyanın paytaxtı Cakartada başlayan kütləvi iğtişaşlarda ölənlərin sayı səkkizə çatıb.
ONA-nın “Cakarta Post”-a istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin qubernatoru Anies Basvedan deyib.
“İğtişaşlarda ölənlərin sayı ilə bağlı ən son rəqəm səkkizdir. Bu günə qədər 737 nəfər xəstəxanalara müraciət edib”,- deyə o bildirib.
Şəhərin qubernatoru qeyd edib ki, xəsətəxanalara müraciət edənlərdən 79-u xüsusilə ağır yaralılardır.
Etiraz və kütləvi iğtişaşlarla əlaqədar polis 257 nəfərini saxlayıb. Polisin sözlərinə görə, iğtişaşlar əvvəlcədən planlaşdırılıb.
Qeyd edək ki, İndoneziyada aprelin 21-də prezident seçkiləri keçirilib. Prezident Coko Vidodo 55,5% səs qazanaraq seçkilərdə qalib gəlib. Onun rəqibi Prabovo Subyanto 44,5% səs qazanıb.
Mayın 21-dən etibarən P.Subyantonun tərəfdarları etiraz aksiyalarına başlayıblar.