Rusiyada yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı ilk peyvənd qeydiyyatdan keçib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya Prezidenti Vladimir Putin bildirib.
O, COVID-19 infeksiyasına qarşı ilk peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini bəyan edib.
V. Putin Səhiyyə naziri Mixail Muraşkodan bu haqda ətraflı məlumat verməyi də xahiş edib: “Bilirəm ki, peyvənd olduqca effektiv təsir göstərir, dayanıqlı immunitet formalaşdırır. Təkrar edirəm ki, bu peyvənd bütün lazımi yoxlamalardan keçib”.
Rusiyanın Səhiyyə naziri Mixail Muraşko bildirib ki, Rusiyada qeydiyyatdan keçən koronavirusa qarşı ilk peyvəndin nəticələri yüksək effektivlik göstərib. O, peyvənd olunan bütün könüllülərdə COVID-19-a qarşı yüksək titrli antitel formalaşdığını qeyd edib: “Bununla yanaşı, onların heç birində immun sisteminin ciddi fəsadları qeydə alınmayıb”.
Rusiya Prezidenti Vladimir Putin qızının yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd olunduğunu açıqlayıb.
Qızlarından birinin COVID-19-a qarşı peyvənd olduğunu qeyd edən V. Putin vurğulayıb ki, birinci peyvənddən sonra onun hərarəti 38 dərəcə olub, növbəti gün isə 37-dən bir az çox olub.
Qeyd edək ki, dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvənd Rusiyada qeydiyyatdan keçib. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.