Xarici siyasət mövzusuna həsr olunmuş geniş müzakirədə Rusiya prezidenti Vladimir Putin ABŞ maraq göstərmədiyi təqdirdə ölkəsinin silahlara nəzarəti təsbit edən Yeni START müqaviləsini tərk etməyə hazır olduğunu bəyan edib.
APA xarici mediaya istinadla xəbər verir ki, Sankt Peterburqda Beynəlxalq İqtisadi Forumda çıxış edən Putin habelə ABŞ Prezidenti Donald Trampın öncəki bəyanatını təkzib edərək Rusiyanın hərbi personalını Venesueladan çıxarmadığını qeyd edib: “Biz onu uzatmaq məcburiyyətində deyilik. Sistemlərimiz Rusiyanın təhlükəsizliyini uzun dönəmə təmin edə bilər”.
Beynəlxalq xəbər agentliklərinin rəhbərləri ilə görüşdə Putin Vaşinqtonun 2021-ci ildə möhləti bitəcək sazişi yeniləməkdə tərəddüd göstərdiyini deyib.
“Biz onu uzatmaq məcburiyyətində deyilik. Bizim sistemlərimiz Rusiyanın təhlükəsizliyini uzun dönəmə təmin edə bilər”, - deyə Putin vurğulayıb: “Əgər heç bir tərəf Yeni START sazişini uzatmağa meyl göstərmirsə, onda biz onu etməyəcəyik.”
Venesuelaya gəldikdə Putin bildirib ki, rus texniki ekspertlər həmin ölkədəki hərbi avadanlığa xidmət göstərmək üçün ölkədə qalmaqda davam edirlər: “Biz orada bazalar yaratmırıq, yaxud oraya qoşun göndərmirik. Ancaq biz hərbi və texniki əməkdaşlıq sahələrində öz vəzifəmizi yerinə yetirməkdə davam edəcəyik”.
Xatırladaq ki, bu həftənin əvvəlində ABŞ prezidenti Tramp tvitter səhifəsində yazmışdı ki, Rusiya Vaşinqtona hərbçilərinin böyük hissəsini Venesueladan çıxardığnı bildirib.