• DÜNYA

    02:17 11 sentyabr 2020

Putin Zaxarovanın paylaşımına görə Serbiya prezidentindən üzr istəyib


Rusiya Prezidenti Vladimir Putin serbiyalı həmkarı Aleksandr Vuçiçdən üzr istəyib.

APA-nın Moskva müxbiri Rusiya KIV-ə istinadən xəbər verir ki, buna səbəb Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın Facebook səhifəsindəki paylaşımı olub.

Qeyd edək ki, bir müddət əvvəl Serbiya Prezidenti Aleksandr Vuçiç və Kosovanın Baş naziri Avdulla Xoti ABŞ Prezidenti Donald Trampın vasitəçiliyi ilə iqtisadi əməkdaşlıq haqqında saziş imzalayıblar. Serbiya mətbuatında Aleksandr Vuçiçin Trampla görüşü zamanı ABŞ prezidentinin masasından aralı məsafədə yerləşən stulda əyləşməsinin görüntüsü yayılıb. Həmin fotonu Rusiya XİN rəsmisi Mariya Zaxarova Facebook səhifəsində yerləşdirərək şərh edib. O, şərhində Vuçiçi məşhur “Əsas instinkt ” filmində baş rolun ifaçısı Şeron Stounla müqayisə edib və aktrisanın polisdə ifadə verdiyi zaman fotosunu yerləşdirib: “Əgər sizi Ağ Evə çağırıb, stulu sorğu-suala tutulmuş kimi qoyurlarsa, o zaman ikinci şəkildəki (yəni, Şeron Stounun oturduğu kimi, ayaq ayağın üstündə - red. F.Ə) kimi oturun.

Serbiya tərəfi Zaxarovanın məlum statusunu qınayan bəyanat yayıb. Aleksandr Vuçiç də Zaxarovanın məlum statusuna münasibət bildirib. Serbiya prezidenti Mariya Zaxarovanın məlum fikirlərinin onun məhz özünə aid olduğunu bildirib və bunu primitivlik və ədəbsizlik adlandırıb. Məlum məsələ ilə bağlı Rusiyanın Belqraddakı səfiri Serbiya XIN-ə çağırılıb.

Rusiya XIN başçısı da Serbiya prezidentindən Zaxarovanın məlum paylaşımına görə üzr istəyib .

«Prezident Putin heç vaxt heç nəyə görə məndən üzr istəməyib, Sergey Lavrov da həmçinin. Lakin Zaxarovanın paylaşımına görə, hər ikisi üzr istəyib», — deyə RIA Novosti Vuçiçdən sitat gətirib.

Putinin üzr istəməsi ilə bağlı məlumatı Kremlin sözçüsü Dmitri Peskov da təsdiqləyib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR