İyunun 9-da Qazaxıstanda keçiriləcək növbədənkənar prezident seçkilərində ilk namizəd qeydiyyata alınıb.
ONA-nın Qazaxıstan mediasına istinadən xəbərinə görə, Qazaxıstan Mərkəzi Seçki Komissiyası hazırkı prezident Kasım-Jomart Tokayevin namizədliyini qeydə alıb.
Tokayev MSK-ya lazım olan sayda imzalarla yanaşı, sağlıq durumu və gəlirləri barədə arayışlar da təqdim edib.
Namizədlərin son qeydiyyat tarixi mayın 11-dir. Ondan sonra başlayacaq seçkiqabağı təşviqat kampaniyası iyunun 8-dək davam edəcək.
Qeyd edək ki, Tokayevin namizədliyi hakim “Nur-Otan” partiyasının qurultayında partiyanın lideri, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev tərəfindən irəli sürülüb. Qurultay iştirakçıları təklifi dəstəkləyib.
Nursultan Nazarbayev martın 19-da prezident vəzifəsindən istefa verib. Bundan sonra Konstitusiyaya uyğun olaraq Senatın sədri Kasım-Jomart Tokayev parlament tərəfindən prezident seçilib. Onu Senatın sədri vəzifəsində Nursultan Nazarbayevin qızı Dariqa Nazarbayeva əvəzləyib.