"Türkiyə heç kimin müstəmləkəsi, mandatı deyil. Topraqlarında dövlət çevrilişi üçün qatillər bəsləyənlər bizə hüquq dərsi verə bilməz".
ONA Türkiyə KİV-ə istinadla xəbər verir ki, bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan “39. Birlik Vakfi” ənənəvi iftar proqramında səsləndirib.
O qeyd edib ki, hər ramazanda olduğu kimi, bu mübarək günlərdə də İslama və insanlığa düşmən kəsilənlər ramazan sevincimizə kölgə salmaq, ramazan süfrəmizə zəhər qatmaq üçün əllərindən gələni edir: “İsrail rəhbərliyi açıq hava həbsxanasına çevirdiyi, mühasirədə saxladığı Qəzzaya yenə bomba yağdırır. Suriyanın əli qanlı rejimi, İdlibdə yaşayan vətəndaşları, xəstəxana və məktəbləri bu ramazan günündə bombalayır. Yəməndəki yüz minlərlə uşaq çirkin oyunların qurbanı olaraq aclıq və səfalətin pəncəsində alışıb-yanır. Liviyada sırf neft quyularının idarəsi üçün qatil azğınlıqlarına göz yumulur. Arakandan Somaliyə, Əfqanıstandan İraqa qədər – dörd bir yandan bu ramazan günündə yenə dumanlar, yenə fəryad səsləri yüksəlir".