• DÜNYA

    17:46 31 mart 2019

Rəşid Dustuma sui-qəsd cəhdi olub

"Taliban” silahlıları Əfqanıstanın vitse-prezidenti, general Əbdül-Rəşid Dostuma sui-qəsdə cəhd edib.

ONA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, hadisə dünən baş verib.

Silahlılar R. Dustumun Məzari-Şərifdən Şibarqana hərəkət edən kortejinə 3 dəfə hücum edib. Nəticədə general xəsarət almasa da, 2 mühafizəçisi ölüb. “Taliban” isə R. Dustumun 4 mühafizəçisinin öldürüldüyünü bəyan edib. “Khaama” agentliyi isə Əfqanıstan hərbçilərinə istinadən hadisə zamanı “Taliban”ın 11 silahlısının öldürüldüyü və yaralandığı barədə məlumat yayıb. R. Dustumun mühafizəçiləri “Taliban”ın hücumda iştirak edən bir yüksək səlahiyyətli nümayəndəsini də sağ tutub.

Qeyd edək ki, özbək əsilli R. Dustum Əfqanıstan müharibəsi illərində hökumət qoşunlarının diviziya komandiri olub. 1992-ci ildə Nəcbulla rejiminin məğlubiyyətindən sonra Əfqanıstanın mərkəzi-şimal regionunda Məzari-Şərifi paytaxt elan edərək “Dustumistan” adlı faktiki müstəqil dövlət yaradıb. Regionda yaxşı silahlanmış 65 minlik ordu mövcud olub. R. Dustum 2014-cü ildə Əfqanıstanda keçirilən prezident seçkilərindən sonra vitse-prezident postunu tutub, lakin 2017-ci ilin mayında ölkəni tərk edərək Türkiyəyə yollanmalı olub. 14 aylıq fasilədən sonra 2018-ci ilin iyulunda yenidən Əfqanıstana qayıdıb. Kabil aeroportunda generalı tərəfdarları qarşılayıb, bir neçə dəqiqə sonra isə kütlənin arasına sızan terrorçu-kamikadze özünü partladıb. Nəticədə 23 nəfər ölüb, general xəsarət almayıb. Həmin terror aktına görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.

Ramiz

Teqlər:

SON XƏBƏRLƏR