Roma Papası Fransisk Türkiyə hakimiyyətinin Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi barədə qərarından kədərlənib.
ONA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Roma Papası bu gün Müqəddəs Petr meydanında ənənəvi xütbəsi zamanı deyib ki, Aya Sofya məbədi barədə düşünür və çox kədərlənir.
Qeyd edək ki, iyulun 10-da Türkiyə məhkəməsi İstanbuldakı Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verib. Danıştay (dövlət idarəçiliyi ilə bağlı işlərə baxan məhkəmə) Aya Sofyanın məsciddən muzeyə çevrilməsinə dair 24 noyabr 1934-cü il tarixli Nazirlər Kabinetinin qərarını ləğv edib. Həmin gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan isə müvafiq fərman imzalayaraq, Aya Sofya məbədinin muzeydən məscidə çevrilməsi ilə bağlı məhkəmənin qərarını təsdiqləyib. Fərmana əsasən, Aya Sofyanın Türkiyə Diyanət İşləri Başqanlığının balansına verilməklə ibadətə açılmasına qərar verilib.
Türkiyə Prezidenti avqustun 24-də Aya Sofyada ilk namazın qılınacağını bildirib.