İran Prezidenti Həsən Ruhani ukraynalı həmkarı Vladimir Zelenski ilə telefon danışığı zamanı “Boeing 737” sərnişin təyyarəsi ilə bağlı baş vermiş faciə ilə əlaqədar rəsmi şəkildə təəssüflüyünü çatdırmaq üçün yaxın vaxtlarda Ukraynaya xüsusi bir nümayəndə göndərəcəyini vəd edib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə İran administrasiyasının saytında deyilir.
“Ukraynaya İran xalqının və hökumətinin peşmanlığını rəsmi şəkildə çatdırması üçün yaxın vaxtlarda ölkənizə xüsusi nümayəndə göndərəcəyəm”, - deyə məlumatda bildirilir.
İran Prezidenti əlavə edib ki, İranın Xarici İşlər nazirinə ukraynalı həmkarı ilə daim təmasda olması və təyyarə qəzası ilə bağlı əməkdaşlığı davam etdirməsinə dair tapşırıq verib.
Telefon söhbəti İran hərbi qüvvələrinin Ukrayna təyyarəsini bilmədən “düşmən hədəf”, yəni qanadlı raket zənn edərək vurduqlarını etiraf etməsindən sonra baş tutub. Eyni zamanda, İran ABŞ-dan hücum gözlədiklərini və buna görə də ölkənin hava hücumundan müdafiə sistemlərinin tam hazır vəziyyətə gətirildiyini qeyd edib.