“Rusiya ilə iqtisadi əlaqələri pozmaq Ermənistan üçün fəlakətlə nəticələnə bilər. Çünki Ermənistanın iqtisadiyyatını ayaqda saxlayan məhz Rusiyadır”.
Bu fikirləri APA-nın Moskva müxbirinə müsahibələrində rusiyalı ekspertlər bildiriblər.
Onların fikrincə, Moskva ilə iqtisadi münasibətlərin pozulması Nikol Paşinyan rejimi üçün təhdiddir və bu təhdid Ermənistanda inqilabi vəziyyətin yarana biləcəyindən ibarətdir.
“Ermənistanın ixracının 50 faizdən çoxunu təşkil edən Avrasiya İttifaqı, dolayısı ilə Rusiya ilə iqtisadi əlaqələri pozacağı nə qədər real görünür?” sualına “Vestnik Kavkaza” informasiya agentliyinin baş redaktoru, qafqazşünas ekspert Andrey Petrov Ermənistanın KTMT və Avrasiya İttifaqında iştirakının bir-birindən prinsipial dərəcədə fərqləndiyini vurğulayıb: “Əgər KTMT-də Ermənistan siyasi məqsədlər üçün iştirak edirdisə, ümid edirdi ki, Azərbaycanla qarşıdurmada bu, ona hansısa hərbi üstünlüklər verəcək. Lakin Avrasiya İttifaqında iştirak etməklə Ermənistan hər gün, hər saat daimi iqtisadi gəlir əldə edir. Avrasiya İttifaqı azad bazardır. Bu, o deməkdir ki, təşkilata üzv olan ölkələrdən hər hansı bir sahibkar istehsal etdiyi məhsulu gömrük rüsumu ödəmədən digər üzv ölkənin ərazisində gətirib sata bilər. İkincisi isə, Avrasiya İttifaqı işçi qüvvəsinin azad bazarıdır. Prinsipcə, bu, ən vacib olanıdır. Ermənistan vətəndaşları Rusiyada Rusiya vətəndaşları kimi əmək fəaliyyəti ilə məşğul olmaq hüququna malikdirlər. Yəni, onlar Rusiyaya gəlib, asan şəkildə xüsusi icazə, patent almadan işə düzələ bilərlər. Bir sözlə, Avrasiya İttifaqına üzvlük Ermənistana ixrac etdiyi məhsulların 50 faizinin Rusiya bazarında reallaşdırılmasına imkan verir. Son iki ildə Ermənistandan Rusiyaya ixrac dəfələrlə artıb. Ermənistandan Rusiyaya paralel import gedir, yəni Rusiyaya sanksiya tətbiq edən ölkələrin məhsulları Ermənistan vasitəsi ilə Rusiyaya ixrac olunur. Bundan Ermənistan çox böyük gəlir götürür. Ermənistanın hər yeddinci vətəndaşı Rusiyada işləyir, bu, 300 min nəfər deməkdir. Avrasiya İttifaqına üzvlük hesabına Ermənistan vətəndaşları Rusiyanın əmək bazarında özlərini çox rahat hiss edirlər”.
Rusiyalı ekspertlərin qiymətləndirmələrinə görə, son iki ildə Ermənistandan Rusiyaya ixrac dəfələrlə artıb və buna səbəb Ermənistandan Rusiyaya paralel importun getməsi, yəni, Rusiyaya sanksiya tətbiq edən ölkələrin məhsullarının Ermənistan vasitəsi ilə Rusiyaya ixrac olunmasıdır ki, bundan da ən böyük gəliri məhz Ermənistan götürür.
Müasir Dövlət İnkişafı İnstitutunun direktoru Dmitri Solonnikov qeyd edib ki, ötən il Ermənistanın Avrasiya İttifaqı ilə ticarət dövriyyəsinin həcmi 4,6 mlrd. dollar olub: “Bu kifayət qədər böyük rəqəmdir. İttifaqa üzv ölkələrlə ticarət Ermənistan üçün vacib faktordur. Lakin burada əsas ticarət Ermənistanın məhz Rusiya ilə apardığı ticarətdir. İki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,1 milyard dollardır. Ona görə də Ermənistan üçün ilk növbədə Rusiya, daha sonra Avrasiya İttifaqıdır. Ermənistan İttifaqa üzv olmaqla həm də enerji resurslarını olduqca imtiyazlı qiymət əldə edir. Ermənistan üçün enerji resurslarını imtiyazlı qiymətə almaq sabitləşdirici siyasi və iqtisadi faktordur”.
Rusiyalı ekspertlər hesab edirlər ki, Ermənistan iqtisadiyyatının əsas hissəsi məhz Rusiyadan göndərilən pul köçürmələrinin hesabına formalaşır. Eyni zamanda, Ermənistanda son iki ildə qeydə alınan iqtisadi artım da məhz Ukrayna müharibəsi başlayandan sonra Rusiya vətəndaşlarının Ermənistana köçməsi və orada öz vəsaitlərini xərcləməsi ilə əlaqələndirilir.
Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov Avrasiya İqtisadi Birliyindən çıxmağın Ermənistan üçün çox ciddi nəticələrə gətirib çıxaracağını proqnozlaşdırır: “Bu, Ermənistan üçün fəlakət olacaq. Hazırda Ermənistanın iqtisadi inkişafı pis getmir. Lakin bu inkişaf Rusiyaya Qərbin qoyduğu sanksiyaların Ermənistan vasitəsi ilə kənar edilməsi hesabınadır. Belə olan halda, Rusiya ilə iqtisadi əlaqələr Ermənistan üçün olduqca önəm daşıyır. Ermənistan həm də bu fəaliyyəti ilə Rusiya iqtisadiyyatına xidmət edir. Avrasiya İqtisadi Birliyi ölkələri arasında gömrük maneələrinin olmaması Ermənistan məhsullarının böyük həcmdə Rusiya bazarına çıxarılmasına imkan verir. Ona görə də Avrasiya iqtisadi Birliyindən çıxmağın nəticəsi Ermənistan üçün çox pis olacaq. Lakin Ermənistan rəhbərliyi ümid edir ki, bu təkcə Avrasiya İttifaqından çıxış olmayacaq, həm də Avropa İttifaqı və Qərbin iqtisadi proqramlarına qoşulmaq olacaq. Bu halda Ermənistanın Avrasiya İttifaqından çıxmasına görə itkiləri kompensasiya olunacaq. Mümkündür ki, Ermənistan Fransa və ABŞ-la bu istiqamətdə danışıqlar aparır. ABŞ və Avropa Ermənistana Rusiya ilə münasibətləri pozmağın qarşılığında böyük məbləğdə ödəniş vəd edib”.
Rusiyalı ekspertlərin qənaətinə görə, bu gün Ermənistanın Avroatlantika siyasi-iqtisadi kursu onun məhz Avrasiya İttifaqından qazandığı gəlirlərin hesabına təmin edilir.
“Ermənistan bu gün əslində, dünənin Ukraynasıdır. Lakin Ukraynadan fərqli olaraq, Ermənistan Rusiya ilə inteqrasiya əlaqələrini saxlamağa çalışır və əldə etdiyi imtiyazlar hesabına Qərbə keçidini təmin etmək istəyir. Ona görə də Avrasiya İttifaqı ilə mövcud əlaqələri pozmaq Ermənistan iqtisadiyyatına vəhşicəsinə vurulmuş zərbə olacaq. Ermənistan iqtisadiyyatının buna necə dözəcəyi anlaşılan deyil. Rusiya Ermənistan məhsullarının Yuxarı Larsdan keçidini bir balaca çətinləşdirəndən sonra Ermənistanda təşviş yaşandı. Ermənistan rəhbərliyinin postsovet məkanının inteqrasiya tədbirlərində iştirakdan imtina etməsindən sonra Rusiya bu addımı atmağa məcbur oldu. Dərhal Ermənistanda həyəcanlanma baş verdi. İndi Ermənistanın dekabrda Peterburqda keçiriləcək Avrasiya İttifaqı sammitində iştirak edəcəyini deyirlər. Ermənistanda yaxşı anlayırlar ki, Avrasiya İttifaqı olmadan ölkə iqtisadiyyatı üçün böyük problemlər yaranacaq. İttifaqla əlaqələri tam pozmağın şokuna nə Ermənistan cəmiyyəti, nə dövləti, nə də idarəetmə sistemi tab gətirəcək”, - Dmitri Solonnikov qeyd edib.
Andrey Petrovun fikrincə, Avrasiya ittifaqı, Moskva ilə iqtisadi münasibətlər pozulacağı təqdirdə, Ermənistan vətəndaşları üçün Rusiyanın əmək bazarında çox böyük maneələr yaranacaq.
“Bu isə Ermənistanın iqtisadiyyatı üçün nəhəng itki olacaq. Bu cür ağır itki Nikol Paşinyan rejimi üçün təhdiddir. Rusiya ilə iqtisadi münasibətlərin pozulması Paşinyan hakimiyyəti üçün faciəvi sonluqla bitə bilər. Ölkədə inqilabi vəziyyət yarana bilər. Ona görə də Paşinyan Avrasiya İttifaqı ilə əlaqələri pozmayacaq və KTMT sammitindən fərqli olaraq, dekabrın sonunda Peterburqda keçiriləcək sammitdə iştirak edəcək”, - qafqazşünas ekspert vurğulayıb.