“Xarkov şəhərinin çıxışında, “Geroy Trud” metrosuna 1 km yaxınlıqda rus tankları yerləşdirilib. Biz hazırda Azərbaycanın Xarkovdakı konsulluğundayıq”.
Bunu APA-ya açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adgözəlli bildirib.
Hazırda Xarkovda ara-sıra artilleriya atəşləri eşidildiyini söyləyən S. Adgözəlli deyib ki, yaxın dəqiqələrdə şəhərin mərkəzində müəyyən obyektlərin artilleriya atəşinə tutulması gözlənilir: “Bu da qorxuludur. Azərbaycanlı tələbələr, şəhərdəki azərbaycanlılar da konsulluğa gəlirlər. Onlara vəziyyətlə bağlı lazımı tövsiyələr verilib, indiki vəziyyətdə evdə olmaları məsləhət görülüb. İndiyə qədər azərbaycanlılar arasında yaralı və ölən barədə məlumat yoxdur.”.
S. Adgözəlli Xarkovdakı Azərbaycan diasporunun rəhbərlərinin ailələri ilə birlikdə şəhərdə olduqlarını nəzərə çatdırıb: “Diaspor rəhbərləri Xarkovu tərk etməyiblər. Amma buna baxmayaraq, yerli əhalinin çoxu artıq Xarkovu tərk edib, evlərin çoxu boşdur. Kiyev yolu boyu çox ciddi tıxac var. Şəhərdə tez-tez təcili yardım maşınlarına rast gəlmək olur. Çünki bura yaxın 3 kənddə artıq Rusiyanın bayrağı dalğalanır”.
S. Adgözəlli əhalinin kütləvi surətdə Xarkovda mağazalara üz tutduğunu bildirib: “Artıq mağazalarda demək olar ki, çörək yoxdur. Vacib ərzaq məhsulları alınıb. Piştaxtalar demək olar ki, boşdur”.