Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov ABŞ-ın təzyiqlərinə baxmayaraq, Türkiyənin “S-400” zenit-raket komplekslərinin alınması ilə bağlı ortaya qoyduğu birmənalı mövqeyi yüksək qiymətləndirib.
ONA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, D. Peskov "Moskva. Kreml. Putin" proqramında deyib ki, özünü suveren, müstəqil aparan dövlətləri barmaqla saymaq olar.
D. Peskov Rusiya və Türkiyənin belə dövlətlər sırasında yer aldığını bildirib: “Təzyiqlərə baxmayaraq, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın yetərincə qətiyyətli və güzəştsiz mövqeyini yüksək qiymətləndiririk. Məhz belə yanaşma azad və suveren dialoq aparılmasına imkan verir”.
Qeyd edək ki, aprelin 10-da R. T. Ərdoğan “S-400”-lərin iyula qədər Türkiyəyə təhvil verilə biləcəyini bəyan edib. Türkiyə prezidenti başqa ölkənin bu məsələyə müdaxilə etmək haqqının olmadığını vurğulayıb.
Xatırladaq ki, “S-400”-lərin alınması ilə bağlı Moskva və Ankara arasında danışıqlar 2016-cı ildə başlayıb. 2017-ci ildə Rusiya tərəflərin müqavilə bağladığını təsdiqləyib. Həmin vaxt R. T. Ərdoğan artıq avansın ödənildiyini bildirib.
ABŞ isə "S-400"-lərin Türkiyəyə satışının qarşısını almağa cəhd edir. Ankaranı sanksiyalarla hədələyən Vaşinqton əks halda "F-35" döyüş təyyarələrinin Türkiyəyə satışının qarşısını alacağını da açıqlayıb.