Rusiya və Ukrayna 5 günlük danışıqlardan sonra yanvar ayının 1-dən Rusiya qazının Ukrayna vasitəsi ilə tranzitini təmin edən sənədlər paketini imzalayıb.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Qazprom”un rəhbəri Aleksey Miller jurnalistlərə açıqlamasında deyib.
“Beş günlük fasiləsiz ikitərəfli danışıqlardan sonra Vyanada yekun qərarlar qəbul olunub və final razılıq mərhələsi əldə edilib. Eyni vaxtda bir sıra razılıq toplusu, müqavilələr imzalanıb və bu razılıqlar həqiqətən də iki tərəf arasında maraqları tarazlayan böyük saziş paketini təşkil edir. Bu gündən etibarən bu sənədlər hüquqi gücə malikdir və 31 dekabr 2019-cu ildən sonra Rusiya qazının Ukrayna ərazisindən daşınmasını təmin edir”, - Miller belə deyib.
Öz növbəsində Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, müqavilə beş il müddətinə imzalanıb. Kiyev bu müddət ərzində 7 milyard dollardan çox gəlir əldə etməyi planlaşdırır.
Ukraynalı prezident onu da əlavə edib ki, sənəd birinci ildə 65 milyard kubmetr yanacaq, növbəti illərdə isə 40 milyard kubmetr qaz nəqlini nəzərdə tutur.