Rusiyada daha iki azərbaycanlı Sovet İttifaqı Qəhrəmanının xatirəsi əbədiləşdiriləcək.
Bu barədə APA-nın Moskva müxbirinə Moskvanın Qərb İnzibati Dairəsi üzrə azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin sədri Əli Kazımov bildirib.
Onun sözlərinə görə, bunlar ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı olan İsrafil Məmmədov və Qafur Məmmədovdur.
Diaspor sədri İsrafil Məmmədovun xatirəsinin Velikiy Novqorod vilayətində, Qafur Məmmədovun xatirəsinin isə Krasnodar vilayətinin Tuapse şəhərində əbədiləşdiriləcəyini söyləyib: "İsrafil Məmmədov Velikiy Novqorodda gedən döyüşlərdə 30 alman faşist əsgərini məhv edib. Ona görə də qərara gəldik ki, onun xatirəsi həmin şəhərdə əbədiləşdirilsin. Qafur Məmmədov isə Qara dəniz donanmasında xidmət edib, öz həyatı bahasına komandirinin həyatını ölümdən xilas edib. Məhz bu igidliyinə görə 20 yaşlı həmyerlimizə Sovet İttifaqı Qəhrəmanı adı verilib. Onun xatirəsi Krasnodar diyarının Tuapse şəhərinə əbədiləşdiriləcək. Hər iki qəhrəmanımızın adına küçə veriləcək. Artıq bu barədə lazımi yerlərə müvafiq müraciətlər olunub".
Bu məqsədlə Rusiya paytaxtında Moskvanın Qərb İnzibati Dairəsi üzrə azərbaycanlıların Milli Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə Böyük vətən Müharibəsində göstərdikləri şücaətliklərlə tarixə düşən İsrafil və Qafur Məmmədovların xatirəsinə həsr olunan tədbir keçirilib. Tədbirdə Böyük Vətən Müharibəsi veteranları, hərbçilər, tarixçilər, siyasi ekspertlər və Rusiyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Əli Kazımov İsrafil və Qafur Məmmədovların Böyük Vətən Müharibəsində göstərdiyi şücaətlərdən, faşizm üzərində qələbədə Azərbaycanın böyük pay sahibi olmasından danışıb. O, bu qələbənin Sovetlər İttifaqının bütün xalqlarına məxsus olduğunu vurğulayıb: "Ona görə də SSRİ-nin varisi olan Rusiya bu gün həmin qələbədə əməyi olmuş bütün qəhrəmanlarını tanımalıdır. Rusiyada yetişən yeni nəsil həmin qəhrəmanların hansı şücaətlər göstərdiyini bilməlidir".
Tədbirdə çıxış edən general-mayor Aleksey Sanoçkin Azərbaycanın nasist Almaniyası üzərinə qələbədə SSRİ-nin əsas güc mərkəzlərindən biri olduğunu xatırladıb: "Faşistlərə qarşı müharibədə Sovetlər İttifaqı texnikasının 90 faizi Azərbaycanın, Bakının nefti ilə çalışıb. O zaman Bakı cəbhəni neftlə, yanacaqla təmin etməsəydi, qələbə mümkün olmazdı. Bu, danılmaz faktdır. Azərbaycanlılar arxa cəbhədə olduğu kimi ön cəbhədə də igidliklər göstəriblər. Bu gün Qafur Məmmədovun və İsrafil Məmmədovun qəhrəmanlılarını xatırlayan zaman insan qürur hissi keçirir. Yeni nəsil bu qəhrəmanları tanımalıdır".
Tədbirdə çıxış edən ehtiyatda olan birinci dərəcəli kapitan Henrix Lukin, Böyük Vətən Müharibəsi veteranı Mariya Simirnova və digərləri faşizm üzərində qələbədə azərbaycanlı qəhrəmanların tarix yazdıqlarını bildiriblər: "Bu müharibə Həzi Aslanov, Mehdi Hüseynzadə, İsrafil və Qafur Məmmədovlar kimi çoxlu sayda azərbaycanlı qəhrəmanları üzə çıxarıb. Ona görə də, bu qəhrəmanların xatirəsi hər zaman əziz tutulmalı və əbədiləşdirilməlidir. Qələbənin 75 illik yubileyi bunun üçün yaxşı fürsətdir".
Qeyd edək ki, bundan öncə, Moskvanın Qərb İnzibati Dairəsi üzrə Milli Mədəni Muxtariyyəti Həzi Aslanovun xatirəsinin Rusiya paytaxtında əbədiləşdirilməsi təşəbbüsü ilə çıxış edib. Bu məqsədlə Rusiyanın Hərbçi Ailələri İttifaqı və Prezident yanında hərbi-mülki münasibətlər üzrə daimi Komissiya tərəfindən prezident Vladimir Putinə və Moskva meri Sergey Sobyaninə Həzi Aslanovun adına küçə və ya yeni tikilən metro stansiyalarından birinin adının verilməsi üçün müraciət olunub.