Rusiyanın Nijeqorod vilayətinin Marquşa kəndində yaşayış evində baş vermiş qaz partlayışı nəticəsində dördü uşaq olmaqla, səkkiz nəfər xəsarət alıb.
APA xəbər verir ki, bu barədə TASS-a vilayətin qubernator müavini regional Səhiyyə Nazirliyinin rəhbəri David Melik-Hüseynov xəbər verib.
“Dörd yetkin insan xəsarət alıb, xəsarətləri orta ağırlıqdadırlar. Həmçinin, ilkin məlumatlara görə, dörd uşaq da xəsarət alıb. Əzik, sıyrıq xəsarətləri var, vəziyyətləri yüngül qiymətləndirilir. Ağır və çox ağır xəsarət alanlar yoxdur”, - məlumatda belə deyilir.
Qeyd edək ki, bundan əvvəl hadisə nəticəsində üç nəfərin xəsarət aldığı, bir azyaşlının dağıntılar altında qaldığı deyilirdi.
“Üç nəfər yanıq xəsarətləri alıb. Hamısı böyüklərdir. Ehtimal olunur ki, dağıntılar altında üçaylıq bir körpə qalıb”, - deyə təcili tibbi yardım xidmətindəki mənbədən bildirilib.
Rusiya Fövqəladə Hallar Nazirliyi bir nəfərin dağıntıları altında qala biləcəyini, daha üç nəfərinsə xəsarət aldığını təsdiqləyib. Sakinlərin təxliyəsi davam edir.