Rusiyanın Xabarovsk şəhəri yaxınlığında - Voronej-3 kəndindən 4 km aralıda iki avtomobilin Amur çayına düşməsi faktı qeydə alınıb.
APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, hadisə balıq ovundan qayıdan üç avtomobilin buz bağlamış çayın üzərindən qanunsuz keçidlə hərəkət edərkən baş verib.
Sahildən 50-70 metr məsafədə baş verən hadisə zamanı buzun qırılması nəticəsində ilk olaraq içərisində 2 nəfərin olduğu "UAZ Patriot” markalı avtomobil çaya düşüb. “Toyota Rush” markalı avtomobil də buz altına düşsə də sürücü pəncərədən çıxa bilib.
Arxadan gələn üçüncü maşın təhlükədən yayına bilib.
Fövqəladə Hallar Nazirliyinin Regional xilasetmə qrupları əraziyə cəlb olunub. Hazırda xilasedicilər tərəfindən çayda batmış avtomobillərin çıxarılması istiqamətində müvafiq işlər görülür.