Rusiyada sərnişin təyyarəsi qəza enişi edib.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vilayətinin Jukovski hava limanından Simferopola uçan "Ural" hava yollarına məxsus “Aerobus A321” təyyarəsi Moskva vilayətində qarğıdalı sahəsinə enməli olub. Qəza enişi təyyarə havaya qalxarkən quş dəstəsinin mühərriklərə çırpılması səbəbindən baş verib. Nəticədə hər iki mühərrik dayanıb, mühərriklərdən biri isə alışıb. Bununla belə pilotlar təyyarəni qarğıdalı sahəsinə endirə biliblər.
Sərt eniş nəticəsində 23 nəfər, o cümlədən bir hamilə qadın və 9 uşaq müxtəlif xəsarətlər alıb. Onlar xəstəxanaya yerləşdiriliblər.
Ümumilikdə təyyarənin göyərtəsində 234 nəfər olub. Onlardan 7 nəfəri ekipaj üzvüdür. Təyyarədəkilərin hamısı təxliyə olunub.