Moskvanın “Şeremetyevo” hava limanında faciəvi aviaqəzanın baş verməsində əsas səbəblərdən biri kimi pilot amili göstərilib.
ONA “Kommersant” nəşrinə istinadən xəbər verir ki, pilotların ünvanına səsləndirilən ittihamlar onların eniş vaxtı yol verdikləri səhvlərlə bağlıdır.
Araşdırma işi ilə əlaqəli şəxslər bildirib ki, avtomatik sistemin sıradan çıxmasına görə eniş zamanı müəyyən çətinliklər yaranıb. Ekspertlər pilotların əsas səhvlərini şimşək olan cərəyanlarda hərəkəti davam etdirməkdə və yüksək sürətlə eniş zolağına daxil olmaqda görüb. Nəticədə təyyarə zərblə yerə çırpılıb ki, bu da yanğına səbəb olub.
41 nəfərin həlak olduğu təyyarə qəzası ilə bağlı istintaq araşdırmalarına başlanılıb. Baş nazir Dmitri Medvedev insidentlə bağlı dövlət komissiyasının yaradılması üçün göstəriş verib. Hazırda irəli sürülən versiyaların arasında pilotların təcrübəsizliyi, texniki çatışmazlıq və qeyri-münasib hava şəraiti amilləri daha çox nəzərdən keçirilir.