Avstriya parlamentinin aşağı palatası kansler Sebastyan Kurzun başçılıq etdiyi hökumətə etimadsızlıqla bağlı səsvermə keçirib. ONA-nın xəbərinə görə, deputatların əksəriyyəti etimadsızlıq votumunun leyhinə səs verib. S.Kurz və hökuməti prezident Aleksander Van der Bellen onu vəzifəsindən azad edənə kimi formal olaraq vəzifədə qalacaq. Bundan sonra ölkə başçısı yeni nazirlər kabinetini təyin etməlidir.
Bu, 1945-ci ildən bu yana Avstriya parlamentində kanslerin uzaqlaşdırılması ilə bağlı ilk hadisədir.
Müxalifətin S.Kurza etimadsızlıqla bağlı səsvermə keçirilməsi təşəbbüsü irəli sürməsinin səbəbi keçmiş vitse-kansler və Avstriyanın Azadlıq Partiyasının lideri Haynts-Kristian Ştraxenin iştirakı ilə qalmaqallı video yazının yayılması olub.
Qeyd edək ki, H.K.Ştraxe istefa verib, S.Kurz isə Avstriyanın Azadlıq Partiyası ilə hakim koalisiyada fəaliyyətini davam etdirib və növbədənkənar parlament seçkiləri elan edib.