• DÜNYA

    08:18 29 noyabr 2020

Serbiya və Monteneqro bir-birinin səfirini "arzuolunmaz şəxs" elan edərək ölkədən çıxarır

Serbiyanın Monteneqrodakı səfiri Vladimir Bozoviç persona-non-qrata elan edilib və ondan ölkəni tərk etməsi tələb olunub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Monteneqro Xarici İşlər Nazirliyi elan edib.

Hazırda 31 avqustda keçirilmiş parlament seçkilərinin nəticələrindən sonra Monteneqroda yeni Nazirlər Kabinetinin formalaşması gözlənilir. Xarici İşlər Nazirliyi o zamana qədər Serbiya və Rusiyaya qarşı sərt çıxışları ilə tanınan nazir Srdjan Darmanoviçin rəhbərliyi altında fəaliyyətini davam etdirəcək.

“Monteneqronun daxili işlərinə uzun və ardıcıl müdaxilədən, diplomatik funksiyaların yerinə yetirilməsi üçün adi və qəbul edilmiş standartlara uyğun olmayan davranış və açıqlamalardan sonra, çoxsaylı şifahi və yazılı xəbərdarlıqlardan sonra dünən səfir Bojoviç 1918-ci ildə Podqoritsa şəhərindəki qeyri-leqal və qanunsuz Skupşinanı (Serbiya ilə birliyə səs verən və serblər, xorvatlar və slovenlərin krallığının yaradılmasını elan edən qeyri-qanuni parlament) Monteneqro xalqının “azadlığı” və “azad iradəsi” adlandırıb, bununla da bir daha ona birbaşa diplomatik qonaqpərvərlik göstərən dövləti alçaldıb”, - deyə Monteneqro XİN-in məlumatında qeyd olunub.

Əlavə edilib ki, “arzuolunmaz şəxs” elan edilməsi barədə nota şəxsən səfirin özünə və Serbiya Xarici İşlər Nazirliyinə göndəriləcək.

Qeyd edək ki, bundan sonra Serbiya hökuməti də eyni addımı Monteneqro səfirinə qarşı atıb. Serbiya XİN monteneqrolu səfir Tarzan Miloşeviçin ölkəni tərk etməsi üçün 72 saat vaxt verib.

“Xarici İşlər Nazirliyi Diplomatik Münasibətlər haqqında Vyana Konvensiyasının 9-cu maddəsinə əsasən, Monteneqronun Serbiya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Tarzan Miloseviçi şəxsən persona-non-qrata elan etmək qərarına gəlib və onun 72 saat ərzində Serbiya Respublikasının ərazisini tərk etməsi tələb olunur.

Xarici İşlər Nazirliyi qarşılıqlı əlaqə prinsipini rəhbər tutaraq bu qərarı Monteneqro Xarici İşlər Nazirliyinin Serbiya Respublikasının Monteneqrodakı səfiri Vladimir Bojoviçin ölkədən çıxarılmasına 72 saat vaxt verərək, onu “arzuolunmaz şəxs” elan etməsi qərarından sonra qəbul edib”, - Serbiya XİN-in saytında yerləşdirilən açıqlamada belə deyilir.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR